03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident Tsaba Körösini qəbul edib - FOTO

02.03.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tsaba Körösi Qoşulmama Hərəkatının sammitinə dəvətə görə minnətdarlığını bildirib, Hərəkatın beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisat olduğunu qeyd edib. O, Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunun daha da gücləndiyini deyib, ölkəmizin Hərəkatın təsisatlanması üçün praktiki təkliflərlə çıxış etdiyini vurğulayıb. Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirib.

Dövlətimizin başçısı öz növbəsində Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə Tsaba Körösiyə təşəkkürünü bildirib, BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının keçirildiyini xatırlayıb.

Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlətimizin başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyi vurğulayıb, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.

Görüşdə qlobal iqlim dəyişikliyi, su problemi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.