Dilin zibillənməsinə yol vermək olmaz - Millət vəkili
03.11.2018
Bu fərman cənab Prezidentimiz İlham Əliyevin dövlət dilinə olan qayğısının göstəricilərindən biridir.
Bu sözləri Prezident İlham Əliyevin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə fərmanı haqda danışan Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Millət vəkili bildirib ki, dil millətin varlığının təsdiqidir:
"Dilin qoruyucusu millətdir. Hər bir azərbaycanlı dilimizi həm mükəmməl bilməli, həm də yad təsirlərdən qorumalıdır. Dilin zibillənməsinə yol vermək olmaz. Bundan sonra nəhayət, televiziya, radio proqramlarında, reklam işində qayda yaranacağına ümid edirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.