Müşfiq “Stalinin başını” şillələyib dedi ki... - Tarixçidən ŞOK AÇIQLAMA
03.11.2018
Biz ölüb gedəcəyik. Gerçəkləri də özümüzlə aparmağa haqqımız yoxdur.
Adamların çoxu 1937-ci ildə Mikayıl Müşfiqlə xüsusi amansızlıqla rəftar edilməsinin səbəblərini heç cür anlaya bilmir. Buna aydınlıq gətirmək istəyirəm.
"Dövran Media" xəbər verir ki, bunu tarixçi-alim Ədalət Tahirzadə deyib.
Tarixçi bildirib:
"Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü 2003-cü ildə mənə söyləyən dövlət qulluqçusu bunun bir neçə önəmli səbəbini sənədlərə istinadla mənə açıqlamışdı. Onlardan birini xalqa bəyan etmək indi məsləhət deyil. İkisi isə aşağıdakılardır:
Birincisi, Müşfiq indi "Nizami” metro stansiyasının yaxınlığında, "Azad qadın” heykəlinin solunda yerləşən orta məktəbdə müəllim işlədiyi zaman rayon maarif şöbəsinin inspektoru (adı bəllidir) onun dərsini dinləyir. Dərs vaxtı külək pəncərəni açır. Pəncərəyə yaxın oturmuş bir qıza Müşfiq pəncərəni örtməyi tapşırır. Qız örtür. Bir azdan külək yenə açır. Müşfiq ikinci dəfə də örtdürür. Ancaq pəncərə bir də açılır. Üzünü şagirdlərə tutan Müşfiq "Sovet hökumətinin pəncərəsi də belə olar” deyir. Dərsdə iştirak edən inspektor bunu əlüstü yazılı şəkildə NKVD-yə bildirir”.
İkincisi, Müşfiq "Azərnəşr”in ikinci mərtəbəsində yazıçı və şair dostları ilə söhbət edirmiş. Həmin qatda Stalinin yekə bir büstü varmış. Müşfiq hamının gözü qarşısında büstün başını şillələyir və deyir ki, vaxt gələcək, sənin boğazına tros salıb uçuracaqlar. Bunu eşidən "Azərnəşr”in məsul bir işçisi (adı bəllidir) tez NKVD-yə bu haqda məlumat yazır”.
Ədalət Tahirzadənin qənaətinə görə, mərhum şair Mikayıl Müşfiqə qarşı xüsusi amansızlığın səbəbini "Azərnəşr”dəki əhvalatda axtarmaq gərəkdir: "Onun Stalini camaat içində belə aşağılaması Stalinin nökəri Mircəfər Bağırovu hədsiz qəzəbləndirib və nəinki Müşfiqin özü cəzalandırılıb, hətta yoldaşı Dilbər də zindana atılıb və orada dəli olmaq dərəcəsinə çatdırılıb”.
Qeyd edək ki, tarixçi bundan əvvəl Mikayıl Müşfiqin Bakıdakı binalardan birinə diri-diri hörüldüyünü iddia etmişdi. O bu dəhşətli qətlin əmrinin dönəmin Azərbaycan Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov tərəfindən verildiyini bildirmişdi.