Belarusda bu məmurlara ölüm hökmü tətbiq oluna bilər
21.02.2023
Belarus parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası dövlətə xəyanətdə təqsirli bilinən şəxslərin edam edilməsini də nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib.
"DM" xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə əsasən, Məcəllənin 356-cı maddəsinin 2-ci bəndinə dəyişiklik edilib. "Dövlətə xəyanət” maddəsinə edilən dəyişikliyə əsasən, dövlət vəzifəsi tutan yaxud hərbi qulluqçu statusu şamil edilən şəxs dövlətə xəyanətə görə, ömürlük həbs cəzası ilə yanaşı, ölüm hökmünə də məhkum oluna bilər.
Bundan başqa, dövlət əleyhinə cinayətlərə görə, cərimənin miqdarı bir neçə dəfə artırılıb, casusluq, xəyanət və dövlət əleyhinə digər cinayətlərdə şübhəli bilinən şəxslərin saxlanma müddətini 10 sutkaya, ittihamın irəli sürülməsi müddətini isə 20 günə qədər artırır.
Belarus ordusu, hərbi qüvvələri və hərbləşdirilmiş birlikləri barədə yalan məlumatlar yaymağa görə də cinayət məsuliyyəti artırılıb.