Vidadi Muradovun girov qoyulmuş əmlakları ilə bağlı növbəti dəfə qərar verilib
21.02.2023
"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi banka girov qoyulmuş əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.
"DM"-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib.
Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb. Vidadi Muradov ötən ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib.
Bundan sonra cinayət işi üzrə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb.