Ərdoğan jurnalistin qatillərini göstərdi
03.11.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Washington Post" qəzeti üçün məqalə yazıb.
"Dövran Media" xəbər verir ki, Ərdoğan məqaləsində Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə toxunub. Bildirib ki, Qaşıqçının qətlinin Kralın əmri olduğuna inanmır: "Əmri Səudiyyə Ərəbistanı hökumətinin yüksək vəzifəli məmurları verib"
Bildirib ki, Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətilə bağlı bir çox suala cavab verməlidir: "Qaşıqçının qətlinin üstündən bir ay keçib, İsam üsulu ilə dəfn edilmək onun haqqıdır. Nəşini tapıb cinayətin üstünü açmaq boynumuzun borcudur. Əlimizdə olan bütün sübutları ABŞ başda olmaqla bütün dost və müttəfiq ölkələrə təqdim etdik. Riyad ilə uzun illərə söykənən dostluğumuz gözlərimizin önündə işlənən bu cinayətə göz yumacağımız anlamına gəlməməlidir. Heç kəs NATO müttəfiqi olan bir ölkədə bu cür cinayət törətməyə cürət etməməlidir. Əks halda çoc ciddi nəticələri olacaq. Səudiyyə yetkililərinin işin ədalətli araşdırılmasına xidmət etmək əvəzinə Qaşıqçının qurban getdiyi bu cinayəti ört-basdır etmək cəhdləri təəssüf doğurur. Qaşıqçını öldürənləri və Səudiyyə yetkililərinin kimə güvənərək bu hərəkətləri etdiklərini ortaya çıxarmağa məcburuq".