Kuznetsov: Paşinyan Rusiya sərhədçilərini çıxaracaq
17.02.2023
Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərin ən qısa müddətdə - bir aya qədər normallaşmasında maraqladırlar. Ona görə də şəxsən mən hesab edirəm ki, belə normallaşma çox sürətlə baş verə və uzun müddət davam edə bilər.
"DM" xəbər verir ki, bu sözlıri rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Azərtaca-a açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə Ermənistan tətəfindən humanitar yardım və xilasedicilər göndərilməsini, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfərini şərh edərkən deyib.
Rusiyalı ekspert Qəhrəmanmaraşda və ona yaxın əyalətlərdə baş vermiş zəlzələ fonunda Ermənistanın siyasi rəhbərliyinin Prezident Ərdoğanı və Türkiyə xalqını həm sözdə, həm də əməli işdə dəstəkləmək qərarını müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları öz xarici siyasətində qərbpərəst inkişaf vektorunu seçəndən və hətta Rusiya XİN də bu faktı etiraf etməyə məcbur olandan sonra İrəvandakı siyasi elitaların öz yeni fəaliyyət kursunu həyata keçirməsi üçün o qədər də çox variant qalmayıb.
"Ermənistanın cəmi dörd qonşusu var – Azərbaycan, Gürcüstan, İran və Türkiyə. Azərbaycanla Ermənistan arasında Qarabağ ilə bağlı çoxdan mövcud olan ərazi mübahisəsi səbəbindən, İrəvan Qərbə praktiki çıxış üçün bu qonşudan obyektiv olaraq istifadə edə bilmir. Ermənistan bu məqsədlə İrandan da istifadə edə bilmir, çünki bu gün rəsmi Tehran Ukrayna ərazisində Qərbə qarşı müharibədə Rusiyanın müttəfiqi kimi çıxış edir. Beləliklə, necə deyərlər, "Allah bizi belə dostlardan qorusun”. Bu məsələdə Gürcüstan da Ermənistana köməkçi sayıla bilməz, çünki hava nəqliyyatı istisna olmaqla bütün logistik zəncirlər fiziki mənada Gürcüstan-Rusiya sərhədinə əsaslanır, orada isə indiki vəziyyəti erməniləri görmək istəmədiklərini gizlətmirlər, çünki rəsmi İrəvanın xarici siyasət oriyentasiyası kəskin şəkildə dəyişib. Beləliklə, xüsusən rəsmi Tiflis Cənubi Osetiyada müharibə üçün əvvəllər Ukraynadan aldığı silahları geri qaytarmaqdan açıq-aşkar imtina edəndən sonra Gürcüstan variantı da yaramır. Deməli, Ermənistanın hakimiyyət orqanlarının Qərbə tərəf hərəkəti üçün qalan yeganə yol Türkiyədən keçir. Bu səbəbdən şəxsən mən İrəvan ilə Ankaranın intensiv yaxınlaşma yolunu seçməsini heç də qəribə və təəccüblü hesab etmirəm”, - ekspert bildirib.
Türkiyə-Ermənistan sərhədinin tamamilə açılmasının mümkünlüyü məsələsinə gəldikdə isə, agentliyin müsahibinin fikrincə, bu fakt Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin gec-tez ləğv edilməsinə və sərhədin qorunmasında hərbi rejimdən avtomatik olaraq polis rejiminə keçməyə gətirib çıxaracaq.
"Mən hadisələrin inkişafının bu cür ssenarisini nəinki mümkün, hətta tamamilə real hesab edirəm və 2023-cü ilin sonuna qədər Ermənistanda rusiyalı sərhədçilərin qalmayacağını əsla istisna etmirəm”, - O.Kuznetsov deyib.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan fevralın 16-da Ermənistan hökumətinin iclasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində bir sıra bəyanatlar səsləndirib, o cümlədən qeyd edib ki, İrəvan Türkiyə ilə sərhədlərin tamamilə açılmasını arzu edir.