Xilasedicilərimiz zəlzələdən zərərçəkənlər üçün çadır şəhərciyi qurub
17.02.2023
Azərbaycanın xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkmiş insanlar üçün 760 çadır qurub.
"DM" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universitetinin ərazisində qurulan çadır şəhərciyində Azərbaycan könüllüləri tərəfindən səyyar sobalarda yeməklər bişirilir və paylanılır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki Xaliq Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələdən dərhal sonra 760 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib və əməliyyatlara başlayıb.
Zəlzələlərin təsirlərini azaltmaq üçün bölgədə olduqlarını deyən polkovnik durum normallaşana qədər Türkiyədə qalacaqlarını söyləyib.
X.Hüseynov zəlzələ zonasında aparılan işlər barədə də danışıb:
"Hazırda Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Kahramanmaraşda işləyir. İndiyədək 760 çadır qurulub. Hazırda da çadırqurma işlərini davam etdiririk. Çadırlarda yerləşdirilən zərərçəkmişlərin yeməklərini də biz təmin edirik. Çadırlarımız altı nəfərlikdir və odun sobası ilə yanaşı elektrik enerjisi ilə də təmin olunub. Çadırları yataq və digər bütün avadanlıqlarla təmin etmişik. Türkiyə bizim qardaş ölkəmizidir. Qardaşlarımızın yarasına məlhəm olmaq üçün əlimizdən gələni edirik. Bu, təkcə Türkiyənin deyil, Azərbaycanın da çətinliyidir”.