Azərbaycan nümayəndə heyəti Çinə gedəcək
02.11.2018
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti 4-8 noyabr tarixində Çinə səfərə gedəcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Şanxayda keçiriləcək və Azərbaycanın vahid ölkə stendinin də nümayiş olunacağı Birinci Çin Beynəlxalq İdxal Sərgisində, sərgi çərçivəsində təşkil olunacaq "Ticarət və investisiya”, "Bir kəmər, bir yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, "Qlobal ticarət və beynəlxalq logistikalar” mövzularında forumlarda iştirak edəcək.
Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Şanxay şəhərində "Azərbaycan Şərab Evi” açılacaq.
Səfər çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayev Çin rəsmiləri ilə görüşlər keçirəcək.