Aleks Kaplun: “İsrail Azərbaycanın aqrar parklarında öz iştirakını genişləndirir”
17.02.2023
"Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşlıq sazişləri imzalanıb”.
Trend-in məlumatına görə, bu barədə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusən, kənd təsərrüfatı sektorunda böyük və maraqlı layihələrin reallaşdırılacağı gözlənilir.
"Azərbaycan bu layihələrin reallaşdırılması üçün nəhəng potensiala malikdir. İsrailin kənd təsərrüfatı sahəsindəki bütün şirkətlərinin Qarabağda işləyə biləcəklərindən əminəm, onların bir hissəsi öz istehsalatını Ələt Azad İqtisadi Zonasında qura bilər. Bu gün buraya gətirdiyimiz bütün texnologiyalar Qarabağın bərpa olunması üçün tamamilə aktualdır”, - Kaplun deyib.
Ticarət Palatasının prezidenti Azərbaycanın İsrailin su sahəsində layihələrlə məşğul olan ən iri şirkətlərindən biri ilə əməkdaşlıq sazişi bağladığını bildirib.
"Bundan başqa, danışıqlar davam edir və su təsərrüfatı sahəsində əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Heyvandarlıq sahəsində də layihələrimiz mövcuddur və yeni sazişlər imzalanacaq”, - o deyib.
Kaplun, həmçinin istər istixanalarda, istərsə də açıq ərazilərdə mədəni bitkilərin yetişdirilməsi üzrə layihələrin mövcud olduğunu əlavə edib.