Blinkenin Türkiyəyə səfərinin tarixi açıqlanıb
16.02.2023
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 20-də Ankaraya səfər edəcək.
"DM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
"Səfər zəlzələlərdən əvvəl planlaşdırılıb. Planlaşdırıldığı kimi, Blinken bazar günü fəlakət bölgəsinə gələcək, bazar ertəsi isə onunla danışıqlar aparacağıq. Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunması prosesini mütləq müzakirə edəcəyik”, - Çavuşoğlu bildirib.
Tərəflər həmçinin Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Qeyd edək ki, E.Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq.