Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilib
16.02.2023
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
"DM"-nın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün hazırlanmış 22 ədəd modul tipli konteyner evlərdən növbəti 4 ədədi, 175 min AZN dəyərində olan humanitar yardım bu gün yola salınıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gün öncə 4 ədəd modul tipli konteyner evlər və 230 min AZN dəyərində olan yardım göndərilib. Qarşıdakı günlərdə də hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan modul tipli konteyner evlər və 380 min manatlıq humanitar yardım yola salınacaq. Modul tipli konteyner evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.
Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.