Paşinyan bu təklifləri Bakıya göndərib
16.02.2023
Dünən Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və bu təklifləri Bakıya göndərib.
"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib:
"Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədin alınması üçün çalışırıq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin ümid edirik ki, danışıqların üç raundu zamanı əldə edilmiş irəliləyişin inkişafına nail ola biləcəyik”.
Erməni tərəfi hesab edir ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və sülh müqaviləsi müharibə üçün səbəbə çevrilməməlidir. Paşinyan etiraf edib ki, sonuncu variant absurd səslənir, lakin istisna edilmir. O, hökumətin və şəxsən özünün belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiqləyib.