ABŞ-ın qərarı yeni müharibəyə SƏBƏB OLA BİLƏR
01.11.2018
ABŞ prezidenti Donald Trampın 1987-ci ildə Sovet İttifaqı ilə imzalanan, sonradan isə Rusiya ilə yenilən orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən geri çəkiləcəklərini bəyan etməsi beynəlxalq hərbi çevrələrdə müzakirələrə yol açıb.
Rusiya isə ABŞ liderini xəbərdarlıq edib ki, Vaşinqtonun nüvə razılaşmasından çıxması hərbi eskalasiya ilə nəticələnə bilər və bu, qlobal təhlükəsizliyə ciddi təhdiddir.
"Dövran Media" xəbər verir ki, sözügedən müqavilə qlobal təhlükəsizliyin əsas elementlərindən biridir, bu, nüvə döyüş başlıqlarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.
"Biz amerikalı kolleqalarımızdan fərqli olaraq nüvə ilə bağlı məsələnin bütün ciddiliyini, onun təhlükəsizlik və strateji sabitlik üçün əhəmiyyətini anlayırıq", - bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Trampın qərarını şərh edərkən bildirib.
Tramp qərarını belə əsaslandırıb ki, Rusiya keçən illər ərzində nüvə silahları üzərində nəzarət haqqında müqavilənin şərtlərini pozub.
"Biz isə onlara razılaşmanı pozmağa və silah hazırlamağa icazə verməyəcəyik. Biz hələ ki, bunu bacarmırıq, çünki razılaşma bunu məhdudlaşdırır. Biz razılaşmada nəzərdə tutulan müddətə hörmət edirik. Buna görə də, biz nüvə razılaşmasından çıxacağıq", - Tramp belə deyib.
ABŞ bundan əvvəl də dəfələrlə vurğulayıb ki, Rusiyanın bir sıra yeni raketləri müqavilənin şərtlərini pozur.
Moskva da analoji ittihamla çıxış edir. Kreml də iddia edir ki, Avropada NATO müttəfiqləri tərəfindən yerləşdirilən ABŞ-ın raket əleyhinə müdafiə sistemləri, Rumıniyadakı əməliyyat bazası və Polşada inşa edilən hərbi təyinatlı obyektlər müqavilənin şərtlərinə ziddir.
Böyük Britaniyanın müdafiə naziri Qevin Vilyamson da Rusiyanı razılaşmanı pozmaqda təqsirləndirib. Onun sözlərinə görə, Britaniya ABŞ-ı qətiyyətlə dəstəkləyir.
Analitiklər isə xəbərdarlıq edir ki, Çin müqavilənin iştirakçısı olmasa da, özünün raket potensialını daha da gücləndirə bilər.
Qeyd edək ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.