FHN-in Türkiyəyə göndərdiyi növbəti humanitar yardım Kahramanmaraşa çatıb
10.02.2023
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım - 14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb.
"DM"-nın xəbərinə görə, avtomobil karvanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəlib.
Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, iki ədəd böyük gücə malik generator, 8 000 geyim dəsti, 20 000 cüt corab, 350 ədəd masa, 1 000 ədəd oturacaq, 5 000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.