15 min şagird arasından 169-u seçildi - Müsabiqə
01.11.2018
Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəbdə IV Respublika Fənn Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Dövran Media" xəbər verir ki, mərasimdə millət vəkili Fazil Mustafa, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil eksperti Etibar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və başqa təhsil işçiləri iştirak ediblər.
Mərasim iştirakçıları belə müsabiqələrin şagirdlərin və təhsilimizin inkişafında mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Daha sonra qaliblərə diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib.
Birinci yerin qaliblərinə mükafatı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, ikinci yerlərin mükafatlarını isə millət vəkili Fazil Mustafa və təhsil eksperti Etibar Əliyev təqdim edib.
Qeyd edək ki, sözügedən müsabiqəyə 15 mindən çox şagird qatılıb, final mərhələsinə isə təxminən 1300 şagird buraxılıb. Müsabiqə üzrə ümumilikdə 1,2,3-cü yerlərin 169 qalibi var. Onlardan 72 nəfəri rayon məktəbində təhsil alır.