Naxçıvanda qeyri-leqal yaşayan 30 əcnəbi aşkarlanıb
10.02.2023
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 30 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Bu barədə muxtar respublikanın Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 475 müraciət daxil olub. Müraciətlərdən 291-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.