03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Məmmədyarovun çıxışından heç nə başa düşmədim” - Deputat

01.11.2018

"Məmmədyarovun çıxışından heç nə başa düşmədim”
Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Belə ki, nazir Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.  
"Dövran Media" xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur  çıxışına qulaq asdığını bildirib:
"Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”.
Deputat müqayisə də aparıb: "Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır. Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır. Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu. Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar”. 
Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb: "Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil. Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil. Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır”.
Millət vəkili Aqil Abbas BakuPost-a açıqlamasında açıqlamasında deyib ki, hər bir dövlət məmuru Azərbaycan dilini səlis bilməyə məcburdur: "Hər bir dövlət məmuru kimliyindən asılı olmayaraq dövlət dili olan Azərbaycan dilini səlis bilməlidir. Əgər bir məmur Azərbaycan dilini bilmirsə, müəllim tutub öyrənsin. İnsan rusdilli ola bilər, təhsilini rus dilində almış ola bilər. Amma Elmar müəllim 14 ildir, xarici işlər naziridir. Öyrənə bilərdi və öyrənməli idi. Azərbaycanda bir çox rusdilli şəxslər, dövlət məmurları, deputatlar var. Onlar rus dili bölmələrində, Moskvada oxuyublar. Amma onlar Azərbaycan dilini də öyrənib və bu dildə danışa bilirlər”.
Deputat bildirib ki, rus dilində təhsil alıb, Azərbaycan dilində mükəmməl danışan şəxslərə ən böyük örnək prezident İlham Əliyevdir: "O da rusdilli məktəbdə oxuyub, ali təhsilini Moskvada alıb, rus dilində müdafiə edib, elmlər namizədi adını alıb. Moskvada rusdilli insanların ətrafında yaşayıb. Bəs necə olur ki, Azərbaycan dilində belə təmiz və səlis danışır?”
Millət vəkili Elmar Məmmədyarovla bağlı zarafatyana təklif də edib: "Dilçilik İnstitutunda sözlərin yazılış qaydası, orfoqrafiya ilə bağlı sözlük hazırlanır və mübahisələrə səbəb olur. Mən də orada təklif elədim ki, Elmar Məmmədyarovu Dilçilik İnstitutuna məsləhətçi kimi işə götürsünlər, onlara kömək eləsin...”