İskenderunda qəhrəmanlığı ilə gündəm olan azərbaycanlı təxliyə edilib
09.02.2023
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Hatayda insanların həyatını xilas edən azərbaycanlının qəhrəmanlığı gündəm olub.
"DM" xəbər verir ki, İlham adlı şəxs Hatayın İskenderun şəhərində qonaq olub. Hotellərin birində gecələyən İlham zəlzələdən sonra orada bağlı qapılar arxasında qalan şəxsləri xilas edib.
Selcuk Aytimur adlı Türkiyə vətəndaşı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. S.Aytimur həmin azərbaycanlını axtardığını və ona can borcunun olduğunu söyləyib. Onun paylaşımını olduğu kimi təqdim edirik:
"Zəlzələ zamanı bir azərbaycanlı dostum məni bağlı qaldığım otaqdan qapını sındıraraq xilas etdi. Hotel işçilərindən heç kim yox idi. Pəncərədən baxanda aşağıdan qışqırıq səsləri gəlirdi. Qonşu 10 mərtəbəli bina yolun ortasına uçmuşdu. Nə qədər qışqırsam da, cavab verən olmadı. Birdən hoteldə qonaq olan azərbaycanlı, İlham adlı şəxs harayıma çatdı. O, 7-ci mərtəbədə qalırmış. 15 dəqiqə sonra qapını sındırdı. Birlikdə 13-cü mərtəbədən altıncı mərtəbəyə endik. İlham "O mərtəbədə bir avstraliyalı da var, gəlin onu da xilas edək”, - dedi. O, qapını açmaq üçün təpikləyəndə mən kətil tapıb gətirdim, onunla vurmağa başladı. Sonra mənə dedi ki, get, qardaş, burada gözləmə... Çünki təzyiq artırdı. Əlimdə iki çanta ilə altı mərtəbəni təngnəfəs düşdüm. Vestibül tanınmaz hala düşmüşdü. Toz qar fırtınası kimi sovrulurdu. Özümü çölə atdım. Hotel işçilərindən heç kim yox idi. Əminəm ki, İlham o avstraliyalını da mütləq xilas etdi. Soyadını soruşmağı unutmuşam. Ona həyatımı borcluyam”.
Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, həqiqətən də, İskenderunda hoteldə qalan İlham adlı şəxs zəlzələ anında orada olub.
"Həmin şəxs İlham Vahiddir. O, səfirlik tərəfindən təxliyə edilərək Azərbaycana göndərilib. Artıq Azərbaycandadır”.