Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olub
08.02.2023
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.
"DM"-nın xəbərinə görə, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyət barədə məruzə edib.
Qeyd edək ki, hazırda Azərbaycan xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Onlar Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından azı 26 nəfəri sağ, 49 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.