Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
"DM"-nın xəbərinə görə, Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparırlar.
Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı” adlı səkkizmərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərirlər.
Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəliblər. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.
FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı”nda dağıntılar altında qalmış şəxsin meyitini aşkarlayıblar.
İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə altı şəxsin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.