Paşinyan ermənilərə Azərbaycan vətəndaşlığı təklif edib
03.02.2023
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın nəzarətində olan "Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı təklif edib. Məlumat həm Qarabağ ermənilərini, həm də Ermənistanın ictimai rəyini separatçı layihənin bağlanacağına, onun iştirakçılarının əksəriyyətinin sıravi Azərbaycan vətəndaşına çevriləcəyinə hazırlamaq məqsədi daşıyır. İlk növbədə məqalənin müəllifi Avetis Babacanyan diqqəti bir neçə aydır ki, İrəvanın Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verməməsinə yönəldir. Ermənistan pasportlarının separatçılara verilməsinin dayandırılmasına səbəb ötən il oktyabrın 7-də Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda "Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu” qəbul edir.
"DM" xəbər verir ki, bunu "Hraparak” qəzetində Avetis Babacanyanın məqaləsini təhlil edən rusiyalı analitik Andrey Petrov deyib.
Məqalədə qeyd olunur ki, separatçıların silahlanmasının qarşısının alınması səbəbindən Azərbaycana qarşı "revanş planı” keçmişdə qalıb:
"Bununla əlaqədar Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qarşısında iki seçim var: ya mühacirət edib, Ermənistana getmək, ya da Azərbaycan vətəndaşlığını almaq. Qarabağ erməniləri revanş planının real intihar ssenarisi olduğunu indi anladılar. Məqalədə bildirilir ki, təxminən 30-35 min nəfər Azərbaycan vətəndaşlığını almağa razıdır. Bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının 40 mini keçmədiyini xatırlamaq yerinə düşər. Paşinyanın komandası erməni diasporundan gələn maliyyə xatirinə Qarabağdakı separatçı layihəni dəstəkləməkdə davam edir. Lakin daxili kanallar vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını çatdırır. Bu gün İrəvanın marionetləri və qaçaq milyarder Ruben Vardanyanın Qarabağ erməniləri üçün yaratdığı dözülməz şərait Ermənistan hakimiyyətinin separatçı layihəni bağlamaq planının bir hissəsi ola bilər. İnsanlar anlayanda ki, hazırki rəhbərlik dövründə orada yaşamaq qeyri-mümkündür, onların Azərbaycan vətəndaşlığı üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi daha asan olacaq. Silahlı yaraqlılar və digər qeyri-qanuni immiqrantlar qaçacaq, mülki əhali isə Qarabağda qalacaq. Beləliklə, Azərbaycan və Ermənistan üçün vəziyyət müsbət nəticələnəcək. Paşinyan Ermənistanın Qarabağ müharibəsində təslim olmasından sonra ən azı nəyisə udmağa çalışır. Deyəsən, o, nəhayət ki, yolunu tapıb: Separatçı layihə bağlanacaq, bunun sayəsində hamı qalib olacaq: həm Bakı, həm də İrəvan”.