Lavrov: Azərbaycan öz torpaqlarını geri qaytarıb
02.02.2023
Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Lavrov Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayıb.
"Azərbaycan ərazilərini geri qaytardı”, - Rusiya XİN rəhbəri əlavə edib.
Lavrov KTMT-nin missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub.
"Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu. Biz Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistanla Azərbaycan sərhədinə getdi və KTMT-nin missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”.
Amma Lavrov Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını xatırladıb.
"Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq. Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”, Lavrov vurğulayıb.