Azərbaycanda İLK DƏFƏ formal universitet dərəcəsi olmayan insanlara geniş imkanlar yaradılacaq
31.10.2018
İnformal və qeyri-formal qaydada səriştələrin tanınması Azərbaycanda formal məktəb sistemlərindən kənarda olan tədris imkanlarını tanınması və təsdiqlənməsi baxımından ilk cəhd olacaq.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Rezident əlaqələndiricisi Qulam İshaqzai "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans çıxış edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla birgə icra edilən "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" layihəsi peşə təhsili imkanlarının genişləndirilməsinə yönəlib. Layihə ölkənin müxtəlif əmək qüvvəsinin artırılması və müxtəlif təbəqələrdən olan insanlar üçün fərqli peşə və alternativ tədris yollarını ehtiva edən daha inklüziv əmək bazarının yaradılmasına yönəlib.
Q.İshaqzai bildirib ki, yerli əhali üçün layiqli iş yerləri təmin etmək və daimi tədris mərkəzləri yaratmaq çox vacibdir: "Bu, konkret peşə sahəsində formal universitet dərəcəsi olmayan insanlara daha geniş imkanlar yaradacaq. Dünyanın bir sıra ölkələrində bu təcrübə qanunvericiliyə daxil edilib".