İran: İsfahandakı hücuma cavab veriləcək
01.02.2023
Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacaq.
"DM" xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.
Meşkini Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin hücumda iştirakı ilə bağlı eyhamını da şərh edib:
"Onlar gözlənilməz heç nə deməyiblər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün sürpriz deyil”, - o deyib.
Qeyd edək ki, dekabrın 24-də Podolyak İranın dron zavodlarına zərbə endirməyə çağırmışdı. O, bəyan etmişdi ki, İran Rusiyaya raket və PUA-ların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Ukrayna hesab edir ki, İran Rusiyaya Şahid-136 və Mühacir-6 pilotsuz təyyarələri verir.
Xatırladaq ki, yanvarın 29-na keçən gecə naməlum PUA-lar İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum edib. Daha sonra Azərşəhr şəhərində fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Tehran hücumlarda və hərbi əməliyyatlarda rəsmi olaraq İsraili günahlandırıb.