Mahmud Özer Azərbaycanla birgə universitetin yaradılmasından danışıb
30.01.2023
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Mahmud Özerlə görüşüb.
"DM" xəbər verir ki, görüşdə hər iki nazirliyin nümayəndə heyəti, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən nazir Özer iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğunu deyib:
"Biz Azərbaycanla təhsil sahəsində etdiyimiz əməkdaşlıqdan çox məmnunuq. Həqiqətən də Türkiyə son iyirmi ildə təhsil sahəsində böyük bir inkişaf keçib. Təhsildə rəqəmsallaşma, müəllimlərin hazırlanmasından tutmuş peşə təhsilindəki inkişafa qədər toplanan təcrübəni sizinlə bölüşməkdən çox şad olarıq”.
Azərbaycana geniş heyətlə gəldiklərini vurğulayan nazir Özer deyib ki, onlar da Azərbaycanın təcrübənizdən faydalanmaq istəyirlər:
"İnanıram ki, Türkiyə Maarif Fondu əməkdaşlığımızın möhkəmlənməsində böyük dönüş nöqtəsidir. Azərbaycan-Türkiyə Universitetinin yaradılması prosesinin sürətlənməsindən də, bu məsələdəki dəstəyinizdən də məmnun qalacağıq”.
Emin Əmrullayev də türkiyəli həmkarı Mahmud Özeri və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda qəbul etməkdən çox məmnun olduğunu bildirib və Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin son illərdə çox yaxşı səviyyəyə çatdığını vurğulayıb. Nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da çalışacaqlarını bildirib.