Rusiya “3+3” formatının işini təşviq etməyi hədəfləyir
30.01.2023
Rusiya 2021-ci ilin dekabrında fəaliyyətə başlayan 3+3 Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyir.
"DM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına KİV tərəfindən göndərilən suallara cavabda bildirilib.
"Biz regional oyunçuların maraqlarına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsi planlaşdırılan bu platformanı faydalı və vaxtında hesab edirik. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəldikdə isə, məhz Rusiyanın himayəsi altında bu başlanğıca start verilib. 2022-ci ilin yanvarında Ermənistanın xüsusi nümayəndəsi R.K.Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi S.Kılıç ilk dəfə Moskvada görüşüb. Bu gün də biz onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq”, deyə Rusiya XİN-in məlumatında qeyd olunub.