21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Eyvazov iclas keçirib, tapşırıqlar verib

23.01.2023

Yanvarın 23-də Daxili İşlər Nazirliyində (DİN) cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

"DM" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib.

Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.494 cinayət qeydə alınıb və onlardan 95.2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 83.4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89.7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85.3, qeyri-aşkar şəraitdə baş verənlərin 85.7, şəxsiyyət əleyhinə olanların 98.2, mülkiyyət əleyhinə olanların 81.8 faizi açılıb.

Prokurorluq orqanları ilə birgə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

O da qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münaqişəsi zəminində törədilənlər 2.4, mal-qara oğurluğu 21.3 faiz azalıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.

Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox – 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığını, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini bildirən nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib.

Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin zəruriliyinə də toxunan nazir əsas diqqətin ölkədə narkotiklərə olan tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, həmin pozuntuları törədən nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılmasını tələb edib.

Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, "102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 88.3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.

İclasda Nazirliyin struktur qurumlarının və ərazi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri 2022-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib. Həmçinin, Azərbaycan Respublikasına xidmətə görə şəxsi heyətə təşəkkür edib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da əzmlə davam etdirəcəkdir.