Naxçıvanın su təminatı yaxşılaşdırılır
23.01.2023
2022-2023-cü illərin payız-qış mövsümü ilə əlaqədar Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilmiş tapşırıqların icrası üzrə işlər davam etdirilir.
"DM" xəbər verir ki, muxtar respublika üzrə su istifadəçilərinə dekabr ayı ərzində 9,6 milyon kubmetr su verilib, bunun müqabilində 4 864 hektar torpaq sahəsi suvarılıb.
2022-ci ilin dekabr ayı ərzində 0,25 km selə qarşı istiqamətləndirici bənd tikilib, 0,13 km sahilbərkitmə işi aparılıb, 5,85 km beton və torpaq kanal, 15,43 km ara arxlar, 1,3 km kollektor lildən təmizlənib, 8,43 km içməli su xətti çəkilib, 0,21 km kanalizasiya xətti, 4,53 km suvarma boru xətti, 0,01 km yeni kaptaj, 0,28 km qapalı drenaj xətti tikilib, 2,54 km mövcud içməli su xəttində, 0,11 km kanalizasiya xətlərində, 0,75 km suvarma boru xətlərində, 3,14 km təzyiqli boru xətlərində, 0,18 km kaptajlarda təmir-bərpa işləri aparılıb.
Torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Babək rayonunda Sirab su anbarına sugətirən kanalın 400 metr hissəsində təmir işləri aparılıb. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 ha sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Görülən işlər nəticəsində Şərur rayonunda 14 ha, Sədərək rayonunda 0,5 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Şərur rayonunun Həmzəli və Axura kəndlərinə içməli su xəttinin çəkilişi davam etdirilib, 1,99 km uzunluğunda yeni xətt çəkilib. Sədərək rayonunda yerləşən hərbi hissəyə içməli su xəttinin çəkilişi davam etdirilib və 5,28 km yeni boru xətti quraşdırılıb.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 ha əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz su anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilib, 130 m sahilbərkitmə işi aparılıb. 2022-ci ilin dekabr ayı ərzində 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilib.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla 44 ədədi təmir olunub.
Bundan əlavə, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin ərazisində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusunun tikintisi başa çatdırılıb.
Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi işləri başa çatdırılıb.