ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatıb
20.01.2023
ABŞ Ukraynaya 2,5 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı elan edib.
"DM" xəbər verir ki, bu barədə Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.
O qeyd edib ki, bu yardım Ukraynaya ayrılmış ən böyük təhlükəsizlik yardımlarından biridir.
Pentaqon rəhbəri vurğulayıb ki, bununla da Rusiyanın fevralda Ukraynanın işğalına başlamasından sonra ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatıb.
Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə "NASAMS” HHM sursatları, "Avenger” HHM sistemləri kimi Ukraynanın öz şəhərlərini hava hücumlarından qorumasına yardım edəcək vasitələr daxildir. O əlavə edib ki, paketdə Ukraynanın hazırda zəruri ehtiyac duyduğu zirehli texnikalar və döyüş maşınları da daxil edilib.
"Beləliklə, biz əlavə 59 "Bredley”, 90 "Striker”, 53 "MRAP” və 350 zirehli Hummer, eləcə də əlavə minlərlə artilleriya mərmisi tədarük edirik”, - deyə Ostin bildirib.