ABŞ Ukraynaya bu texnikaları verəcək
20.01.2023
Pentaqon Ukraynaya növbəti 2,5 milyard dollarlıq yardım paketini açıqlayıb.
"DM" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, paketə yüzlərlə zirehli personal daşıyıcısı və piyada döyüş maşınları, Ukrayna üçün vacib olan hava hücumundan müdafiə sistemləri, eləcə də, digər silah növləri daxildir:
"Bu dəfə Ukrayna NASAMS-ın qabaqcıl zenit-raket kompleksləri, "Avenger" hava hücumundan müdafiə sistemi, 590 TOW tank əleyhinə raketi olan "Bradley" piyada döyüş maşını və 295 000 25 mm çaplı patron, "Stryker" üçün sursat alacaq".
Bundan əlavə, paketə 20 min ədəd 155 mm-lik artilleriya mərmisi, 600 ədəd dəqiq idarə olunan 155 mm-lik artilleriya mərmisi, 95 min ədəd 105 mm-lik artilleriya mərmisi, HIMARS yüksək mobil artilleriya raket sistemləri üçün sursat, HARM əleyhinə yüksək sürətli raketlər, 3 milyondan çox atıcı silahın döyüş sursatı, "Claymore" piyada əleyhinə döyüş sursatları, gecə görmə gözlükləri, ehtiyat hissələri və digər sahə avadanlığı daxildir.
Ümumilikdə, Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ Ukraynaya təhlükəsizlik məqsədilə 27,4 milyard dollardan çox yardım edib.