Nazir: Lavrova Laçın yolu ilə bağlı konkret sübutlar ortaya qoyduğumuzu dedim
20.01.2023
"Qarabağdakı faydalı qazıntı yataqları, o cümlədən qızıl və mis-molibden yataqları ilə bağlı Azərbaycan dövləti 2021-ci ilin noyabr ayından yazışmalara başlayıb”.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, özünü "qurum”un "naziri” elan etmiş insanın gəlişindən sonra bu qanunsuz fəaliyyət daha intensivləşib: "Son 2 ayda daha intensiv danışıqlar gedib. 3-10 dekabr arasında konkret nəticələr və razılıqlar əldə olunmuşdu və dekabrın 10-da Azərbaycan nümayəndələri yataqlarda monitorinqlər keçirməli idi. Bunun qarşısı bir qrup təxribatçı tərəfindən alındı. Mən Rusiya xarici işlər naziri ilə telefon danışığım zamanı da bu məsələnin necə çözülməli olduğunu müzakirə edərkən ona bir daha xatırlatdım ki, Azərbaycan bu məsələdə son 2 il ərzində konkret sübutlar ortaya qoyub. Laçın yolu ilə bağlı Azərbaycanın öhdəliyi var ki, bu yolda təhlükəsiz hərəkətə - həmin ərazidə yaşayan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidinə - Azərbaycan dövləti zəmanət verir. 4-cü keçidə dair heç nə yoxdur. Üçtərəfli bəyanatda sadəcə sadaladığım 3 kateqoriyaya aid keçid barədə Azərbaycanın öhdəliyi var”.