İrandan Azərbaycana narkotik və spirtli içkilər gətirən şəxslər tutulub
19.01.2023
Yanvar ayının 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə "Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Hüseynov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.
Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə ("marixuana”), 290 ədəd psixotrop həb ("metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.