Deputat: Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir
18.01.2023
Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında yanvarın 15-də keçirilmiş görüşdə bu fikir bir daha təsdiq olunmuşdur. Yanvarın 16-da Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji ixracatı sahəsində perspektiv planlarına dair maraqlı açıqlamalar vermişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanın əsas iqtisadi inkişaf göstəricilərindən biri ölkəmizin özünün enerji təhlükəsizliyini bir neçə il bundan əvvəl təmin etməsi və bu gün xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini digər ölkələrə ixrac etməsidir.
"DM" xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
"Azərbaycan enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmaqla Cənub Qaz Dəhlizi
meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir", - deyə deputat bildirib.
K.Qafarov "Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmanın əhəmiyyətini qeyd edərək deyib:
"Artıq neçə müddətdir ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Yanvarın 15-də isə "Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. Prezident İlham Əliyev bildirib ki, bu, hələlik qısamüddətli bir layihədir və növbəti, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bütövlükdə isə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişləri ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Təbii ki, bu məqsədləri həyata keçirmək, həmçinin yeni enerji ixracı üçün marşrutlar da tələb olunacaq. Bu baxımdan 2022-ci ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş xüsusi əhəmiyyət kəsb edir. Bu Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabelin çəkilməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanın enerji sahəsində planları kifayət qədər böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək üçün bütün imkanlara malikdir.”