Azərbaycan Ordusu sakitcə Xankəndiyə girəcək
12.01.2023
Ermənistan imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrəvan bunu etməkdən qorxur. Bəli, minalanmış ərazilərin bəzi xəritələrinin ötürüldüyü məlumdur, lakin bu, çox kiçik bir nəticədir. Ermənistan Qarabağa iddialardan əl çəkməlidir. Amma bunu dəfələrlə demişəm, Nikol Paşinyan qorxur ki, Bakının şərtləri ilə razılaşarsa, onunla haqq-hesab çürüdüləcək. Şərtlər isə sadədir: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olurlar, heç bir muxtariyyət almırlar. Amma yerli özünüidarəetmə orqanlarına öz adamlarını seçmək imkanı yaranacaq (ölkənin istənilən regionunda olduğu kimi red.). Bu, birinci variantdır.
"DM" xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
O bildirib ki. bunun alternative də var - ermənilərin əksəriyyətini Qarabağdan çıxarmaq. Hər iki variant Paşinyanı qorxudur:
"Paşinyan Azərbaycan şərtlərini çox ağır hesab edir, Ermənistan əhalisi və erməni diasporu eyni cür düşünür. Belə şəraitdə Ermənistanın baş naziri qərara gəlib ki, Rusiyadan Ermənistandan daha aktiv çıxış etməyi xahiş eləsin. Amma Moskva bunu istəmir, xüsusən ona görə ki, indi onun hərbi əməliyyatlara görə (Ukraynada – red.) öz qayğıları var. Bu şəraitdə Nikol Paşinyan Rusiyanı Fransaya dəyişməyə başladı.
Fransa hakimiyyətinin müxtəlif qollarının çoxsaylı qərar və qətnamələri hamıya yaxşı məlumdur. Ermənistanın regiona beynəlxalq sülhməramlıları çağırması heç kimə sirr deyil. Bakı, təbii ki, Qarabağda fransızların peyda olmasına imkan verməyəcək, lakin İrəvan onları heç olmasa, Ermənistanla Azərbaycan sərhədində yerləşdirmək istəyir.
Ermənistanın Rusiyadan Fransaya keçmək cəhdi var. Açığını deyim ki, Paşinyan çoxdan Rusiyadan imtina edərək Fransa və ABŞ-dan yapışar və Qərb qüvvələrinin Ermənistana "yerləşəcəyi” ümidi ilə Rusiya maraqlarını Qərbə satardı. Amma fransızlar və amerikalılar erməni maraqları üçün döyüşmək istəmirlər. Onların da elə Ukrayna böhranı da daxil olmaqla, bir sıra öz problemləri var, onların Ermənistandan başqa məşğuliyyətləri var. Elə həmin Fransa Prezidenti Emmanuel Makron indi pensiya islahatı ilə bağlı daxili siyasi böhran içərisindədir, reytinqləri düşür və s. Bu isə bugünkü prosesin əsas intriqasıdır.
Ən böyük ehtimal odur ki, Qərbdə heç kim heç nə etməyəcək, Paşinyan Fransa ilə Rusiya arasında vurnuxmağa davam edəcək. Amma 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq. Bu, hadisələrin ən çox ehtimal olunan inkişafı olacaq”.