Tasmaqambetov: KTMT qarşısında çətin vəzifələr durur
10.01.2023
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşısında çətin vəzifələr durur, lakin təşkilat onları həll etməyə qadirdir.
"DM" KTMT-nin "Telegram” kanalına istinadən xəbər verir ki, bunu təşkilatın yeni Baş katibi İmanqali Tasmaqambetov qurumun Daimi Şurasının iclasında, təşkilatın Katiblik və KTMT Daimi Şurasının üzvləri qarşısında çıxışı zamanı deyib.
"Dünya böyük geosiyasi dəyişikliklərin şahidi olur və bu səbəbdən də olduqca mürəkkəb siyasi, iqtisadi və digər problemlər həll edilməlidir. KTMT-nin qarşısında çətin vəzifələr dayanır. Bütün bu dəyişikliklər və problemlər təşkilatın əsas roluna, onun nüfuzuna və regional təhlükəsizliyin təmin edilməsi üçün effektiv mexanizm olma imkanlarına təsir edir”, - Baş katib bildirib.
Tasmaqambetov KTMT-yə üzv ölkələrin liderlərinə təşkilatın iş strukturuna rəhbərlik etməkdə ona göstərdikləri etimada görə minnətdarlığını vurğulayıb.
Xatırladaq ki, Tasmaqambetovun KTMT-nin Baş katibi vəzifəsinə namizədliyi Qazaxıstan rəhbərliyi tərəfindən irəli sürülüb və KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilib, 2025-ci il dekabrın 31-dək bu vəzifəni icra edəcək.