İtaliya TAP-a rəsmən razılıq verdi
27.10.2018
İtaliya Baş naziri Cuzeppe Konte Transadriatik Qaz Kəmərinin tikintisinə izn verib.
"Dövran Media" xəbər verir ki, Konte hökumətin bu layihəyə daha mane ola bilməyəcəyini deyib.
"Daha bu layihəyə mane olmaq mümkün deyil. Bu layihə əvvəlki hökumətlər tərəfindən planlaşdırılıb və imzalanan müqavilədə İtaliya üzərinə öhdəlik götürüb. Qaz kəmərinin tikintisinə maneə İtaliyaya on milyardlarla dollara başa gələ bilər” – deyə o bildirib.
Qeyd edək ki, TAP Azərbaycan və gələcəkdə isə Mərkəzi Asiya qazının İtaliyaya çatdırılmasını həyata keçirəcək. İndiyə qədər layihənin gerçəkləşdirilməsinə əsas müqaviməti İtaliya tərəfi göstərirdi. Hazırda koalisiya hökumətində yer alan Beş Ulduz Hərəkatı tikintinin İtaliya ərazisində aparılmasına şiddətli müqavimət göstərir.
Bundan öncə ABŞ Beş Ulduz Hərəkatının bu addımlarını kəskin tənqid edib. Hətta bəzi siyasətçilər bu hərəkatı Rusiyaya çalışmaqda ittiham ediblər.