Özbəkistan “Bakı Limanı”nın imkanlarından birgə istifadə etmək niyyətindədir
06.01.2023
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində "Ələt” azad iqtisadi zonasının (AİZ) və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.
"DM"-nın Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, danışıqlar zamanı limanın və AİZ-in resurslarından və imkanlarından birgə istifadəyə əsaslanan investisiya, nəqliyyat və logistika əməkdaşlığının qurulması perspektivləri müzakirə olunub.
O cümlədən, AİZ-in rədbəri Valeh Ələsgərovla Zonanın ərazisində tələbat olan qida, dəri və ayaqqabı, tekstil və digər yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi və Avropa İttifaqı, MDB və digər ölkələrə ixracın təşkil olunması məsələləri danışılıb.
"Bakı Limanı”nın baş direktoru Taleh Ziyadovla nəqliyyat-logistika əlaqələrinin daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib, xüsusilə konteyner daşımalarının həcminin artırılması və "Ro-Ro” tipli yüklərin dəniz limanları vasitəsilə daşınması istiqamətində tədbirlərin görülməsi müzakirə olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistan anbarlarının və konteyner terminallarının açılması perspektivləri və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri malların qarşılıqlı daşınması məsələlərinin müzakirəsi üçün Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclasının keçirilməsi vurğulanıb.