Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb
06.01.2023
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb.
Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
Bu il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.