Prezident İlham Əliyev: Cəmiyyətin inkişafında təhsil mühüm rol oynayır
26.10.2018
Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” adlı "dəyirmi masa”nın iştirakçılarına müraciət edib.
"Dövran Media"nın məlumatına görə, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev oxuyub.
"Hörmətli tədbir iştirakçıları. Sizi səmimi qəlbdən salamlayır və Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılması münasibətilə təbrik edirəm.
Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideyalar və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.
Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir:
"Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılması, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan Ekspo-2025 üçün Bakının namizədliyini irəli sürərkən "İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” mövzusunu seçmişdir.
Eyni zamanda, Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzlərinə həmişə açıq olmuşdur. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil almış, ən müxtəlif ixtisaslara yiyələnmişdir.
Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.
Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüsləri irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşlarının ali məktəblərimizdə təhsili məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir.
Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi, siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınızla bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz.
Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm”, - deyə müraciətdə bildirilir.