Prezident:"Tolerantlıq ənənələrinin təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindəndir"
04.01.2023
"Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar".
"DM" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı məktubunda yer alıb.
Dövlət başçısı məktubunda qeyd edib ki, bu gün dünyada mültikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir.
"Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər", - məktubda bildirilib.