Ned Prays: Cənubi Qafqaz regionu üçün dinc gələcəyin təşviqinə sadiqik
04.01.2023
"Biz Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyimizi davam etdiririk".
"DM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir. Ned Prays, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərini xatırladıb:
"Bildiyiniz kimi, bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub.
Təhlükəsiz sabit, demokratik, firavan və dinc Cənubi Qafqaz regionu ilə bağlı vizyona doğru irəliləmək üçün bizə görə ən yaxşı perspektivlərə malik olan addımları atmağa davam edəcəyik. Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Bu məsələnin hərtərəfli həllinin necə olduğunu izah etmək bizə düşməz. Bu, tərəflərin özlərinin görəcəyi çətin bir işdir", Ned Prays vurğulayıb.