ABŞ-ın Bakıya xüsusi jesti: İrana görə təzyiq olmadı
25.10.2018
Bolton Rusiyadan sonra Azərbaycana gəldi. Bu, ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin ilk görüntüsü sayıla bilər.
"Dövran Media" xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
"Vaşinqton göstərir ki, Azərbaycanın iştirak etdiyi regional enerji layihələrini dəstəkləyir. ABŞ Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyir, ona görə də Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını dəstəkləyir. ABŞ-ın Rusiya və İranla münasibətləri gərgindir və hər iki ölkəyə qarşı sanksiya tətbiq edir. Azərbaycan isə ABŞ-ın tərəfdaşıdır. Ona görə də Vaşinqton Rusiya ilə İranın arasında olan Azərbaycana dəstəyini artırmaq istəyir”, - siyasi şərhçi qeyd edib.
Politoloq bildirib ki, Bolton Bakıda Rusiya və İran mövzusunu da müzakirə edib:
"Boltonun Bakıda müzakirə etdiyi ikinci mövzu İran idi. Noyabrın 6-dan ABŞ İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da sanksiya tətbiq etməyi planlaşdırır. Ancaq bəzi istisnalar var. ABŞ Azərbaycanın enerji layihələrini dəstəkləyir. Bu layihələrin bir qismində isə İran da iştirak edir. Məsələn, "Şahdəniz” qazının çıxarılması və boru xətləri ilə daşınması layihəsində İran şirkəti də var. Bu layihənin əsas sponsoru isə BP şirkətidir. ABŞ İranın "Şahdəniz” layihəsində iştirakına görə Azərbaycana və ya BP şirkətinə qarşı sanksiya tətbiq etməyəcək.
Bundan başqa, Azərbaycan İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bu layihə də Azərbaycan üçün vacibdir. ABŞ bölgədə Azərbaycanın güclü dövlət olmasını istəyir. Vaşinqton Rusiya və İrandan Azərbaycana təhlükə olmasını istəmir. Bunun üçün də Azərbaycan qonşu Rusiya və İranla əməkdaşlıq etməli, birgə layihələri reallaşdırmalıdır. Vaşinqton bu reallığı qəbul etməlidir”.