Lahıca qaz çəkilir + FOTOLAR
09.02.2018
İsmayıllı rayonunun Lahıc kəndinə təbii qaz çəkilir.
"Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsmayıllı rayonunun Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan kənd istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və sair ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bütün bunlar isə öz növbəsində Lahıc kəndinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır.
Məhz son illərdə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Lahıcın da həyatında özünü göstərir. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq Lahıc kəndində turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.
Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 min 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 min 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda, mətbəxdə yerləşən qaz cihazına qədər 7 min 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.
Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı, qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb./azertac/
"DM"