Korotçenko: Bakı və Moskva bu təhlükəni görməlidir - Video
29.12.2022
Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında maraqları olan qüvvələr var. Aydındır ki, kütləvi kampaniya gedir. Gələcək üçün, üçlü bəyanatın ideya və mənaları uğrunda mübarizə gedir. Hesab edirəm ki, Moskva bu halda öz milli maraqlarını və sağlam praqmatizmini rəhbər tutmalıdır.
"DM"xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı politoloq İqor Korotçenko "Moskva-Baku” nəşrinə geniş müsahibəsində deyib.
Onun fikrincə, Rusiya və Azərbaycanın etməli olduğu ilk iş vəziyyətin təhlükəsini dərk etmək və düşmənlərimizin öz istək və maraqlarını həyata keçirməsinə mane olacaq şəkildə hərəkət etməkdir:
"Azərbaycan Rusiya üçün postsovet məkanında əsas ticarət-iqtisadi tərəfdaşlardan biridir, etibarlı müttəfiqdir. Üstəlik, bütün yeni reallıqlar fonunda Şimal-Cənub dəhlizinin fasiləsiz işləməsi də Azərbaycanın vasitəsilə mümkün olacaq. Bu il əlaqələrimizin gələcək üçün əhəmiyyətini bir sıra tədbirlər göstərdi. Bunlar Mixail Mişustinin səfəri çərçivəsində Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumu, Xəzər İqtisadi Forumu, Veron Avrasiya İqtisadi Forumudur. Bu, bizim ən böyük enerji şirkətlərimizin Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığa marağının sübutudur. Azərbaycanla əlaqələrimiz Rusiya üçün son dərəcə dəyərlidir. Rusiya və Azərbaycan ən kritik anlarda belə ortaq məxrəcə gəlməlidirlər. Nə emosiyalara, nə də erməni maraqlarının lobbiçilərinə imkan vermək olmaz ki, əlaqələrimizi korlasınlar. Hesab edirəm ki, əsas amil ölkələrimizin liderləri arasında yaranmış münasibətlərə inamdır. Ona görə də informasiya sahəsində Rusiya və Azərbaycanı bir-birinə qarşı qoymaq cəhdlərinə baxmayaraq, bu cəhdlərin təşəbbüskarları uğur qazana bilməyəcək. Rusiya üçün xüsusi hərbi əməliyyat məsələlərinə diqqət yetirmək son dərəcə vacibdir. Ona görə də Cənubi Qafqazda yeni münaqişəni qızışdırmağa, Rusiya və Azərbaycanı bu münaqişəyə cəlb etməyə çalışanlar ya erməni maraqlarını güdürlər, ya da Cənubi Qafqazda ikinci cəbhə yaratmağa çalışırlar. Biz bunu bütün səviyyələrdə tamamilə dayandırmalıyıq”.