Yeni il gecəsi Bakı metrosunda iş vaxtı artırılacaq
29.12.2022
Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək:
"Dekabr ayının sonu və 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq. Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək "Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq”.
B. Məmmədov bildirib ki, "Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, dekabr 31-i şənbə, sonrakı qeyri-iş günlərində isə bazar gününə uyğun cədvəllərdən istifadə etsinlər.
O qeyd edib ki, 2023-cü il yanvar ayının 1-nə keçən gecə yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə çıxacaq şəhər sakinləri və qonaqların maraqları nəzərə alınaraq, Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq:
"Bu səbəbdən bütün stansiyalar yanvar ayının 1-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qatarlar sonuncu sərnişinlər metropoliten stansiyalarını tərk edənə qədər xətlərdə hərəkət edəcək.
"Bakı Metropoliteni” QSC bayram günlərinin xoş ovqat şəraitində keçirilməsi, neqativ hallara yol verilməməsi, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edir”.