Mahir Qurbanov Meksikanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
27.12.2022
27 dekabr 2022-ci il tarixində Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
"DM" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək ideyalar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.
Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.
Mariya Viktoriya Romero Kabalyero ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini söyləyib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.