Donetskdə dəhşət: Oğrular girdikləri evdə sakinləri güllələyiblər
27.12.2022
Donetskdə qarətçilər girdikləri evdə ailənin səkkiz üzvünü güllələyiblər. Dəhşətli hadisə Makeyevka şəhərində qeydə alınıb. İlkin məlumatlara görə, qatillər avtomat silahdan atəş açıblar.
Bu barədə Makeyevka şəhər administrasiyasının rəhbəri Vladislav Klyuçarov bildirib.
Onun sözlərinə görə, basqınçıların qurbanlarından dördü uşaq olub: onlardan ikisinin 14, birinin 10, ən kiçiyinin isə bir yaşı var. Qatillər onları başlarından güllə ilə vuraraq qətlə yetiriblər.
Şəhər hakimiyyətinin məlumatına görə, cinayətin məqsədi qarət olub.
Qatillər "Şkoda” markalı avtomobillə hadisə yerindən qaçıblar. Ancaq şübhəlilər isti izlərlə saxlanılıblar. Onlardan üçü əvvəllər məhkum olunmuş şəxslərdir.
Onlar qətli törətdiklərini etiraf edərək, səbəbin avtomobil və digər qiymətli əşyaların oğurlanması olduğunu bildiriblər.
Mənbə: Lenta.ru