Lavrov: Qərbə güvənsək, xalqımız bizi bağışlamaz
26.12.2022
"Kollektiv Qərbə bizim artıq güvənməyə haqqımız yoxdur, bunu bizə tarix və xalqımız bağışlamaz”.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, dünyada çoxqütblülüyün aradan qalxdığını bildirib.
"ABŞ və onunla həmfikir olan bəzi ölkələr də bu siyasi kursun təhlükəli olmasından xəbərdardır. Həmin qüvvələr bizim bu kiçik planetimizdə mehriban qonşuluq münasibətlərinin qorunması, çiyin-çiyinə yaşamaq siyasətinin alternativinin olmadığını anlamalıdır", - Lavrov qeyd edib.
O, ABŞ-ın minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrə hücum etdiyini xatırladıb.
"ABŞ qəfildən elə hesab etdi ki, Yuqoslaviya, İraq, Liviya təhlükə mənbəyidir. Hazırda adını çəkdiyim ölkələrin aqibəti göz önündədir və ABŞ tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların faciəvi nəticəsini görürük. Buna görə də biz kollektiv Qərbə güvənməli deyilik, buna ixtiyarımız yoxdur. Biz ilk növbədə siyasi cəhətdən vacib olan sahələri və texnologiyaları inkişaf etdirməliyik, elə etməliyik ki, bu cəhətdən heç kimdən asılı olmayaq”, - Rusiya XİN rəhbəri əlavə edib.
Lavrov Ukraynadakı hərbi əməliyyatlar fonunda tətbiq olunan sanksiyaların Rusiyanın bəzi sahələrində çatışmazlıqları göstərdiyini diqqətə çatdırıb.