Dünya liderləri İlham Əliyevi təbrik edir
22.12.2022
Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"DM" məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.
Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.
Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".
***
Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram.
Sizə möhkəm cansağlığı və firavanlıq diləyirəm".
***
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.
Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram".
***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.
Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.
Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
***
Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.
Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.
Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.
Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm".